Azərbaycan komandası “Pekin-2022”nin açılış mərasimində komandaların paradında iştirak edib
“Pekin-2022” XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi davam edir.

“Pekin-2022” Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində komandaların paradında Azərbaycan nümayəndə heyətinin üzvləri 42-ci keçiblər.

Çinin paytaxtındakı məşhur “Quş yuvası” stadionunda təşkil olunan açılış mərasiminin paradında komandamızın şef de-missionu, Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, məşqçi Aleksey Çetveruxin və Azərbaycan Olimpiya komandasının bayraqdarı Vladimir Litvinsev iştirak ediblər.

Qeyd edək ki, açılış mərasimi 1 saat 40 dəqiqə davam edəcək. Mərasim üçün xüsusi şou hazırlanıb. Həmin şouya əksəriyyəti yeniyetmələr olmaqla 3 minə yaxın adam cəlb olunub.

Azərbaycanı Pekin Olimpiadasında Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər. Hər iki idmançımız fiqurlu konkisürmə yarışlarında mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaqlar.

Xəbər 386 dəfə oxundu.