Bu gün Pekində XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün Pekində XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

Pekin Milli Stadionunda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Oyunlarda 91 ölkədən ümumilikdə 3 minədək idmançı qüvvəsini sınayacaq. Yarışda 15 idman növü üzrə 109 dəst medal öz sahibini tapacaq.

Pekin tarixdə yeganə şəhərdir ki, həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edib. Çinin paytaxtının Qış Olimpiya Oyunlarına ev sahibliyi etməsi barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin 2015-ci il iyulun 31-də Kuala-Lumpurda təşkil olunan iclasında qəbul olunub.

Olimpiadanın medallarının bir üzündə Çin harmoniya fəlsəfəsini təcəssüm etdirən beş halqa və “Pekin-2022”nin loqosu, digər tərəfində isə Olimpiya halqalarının təsviri əks olunub.

Koronavirus pandemiyası ilə əlaqədar Oyunları yalnız Çin vətəndaşları izləyə biləcəklər. Əcnəbi azarkeşlər isə yarışa buraxılmayacaqlar.

Fevralın 20-dək davam edəcək dördilliyin zirvə yarışında Azərbaycanı fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər. Komandanın bayraqdarı olan V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-də və 17-də isə Y.Ryabova öz məharətini sərgiləyəcək.

Xəbər 392 dəfə oxundu.