“Land of Fire-Azerbaijan” komandası qarüstü polo üzrə dünya kuboku turnirinin yarımfinalına vəsiqə qazanıb
İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 37-ci dünya kuboku turnirinin birinci turuna yekun vurulub.

Birinci turda keçirilmiş üç oyunun nəticəsinə əsasən yarımfinala vəsiqə qazanan dörd komanda məlum olub. Turun ilk oyununda “Perrier Jouet” komandasına 7-2,5 hesabı ilə qalib gələn Azərbaycanın “Land of Fire-Azerbaijan” komandası yarımfinala ilk vəsiqənin sahibi olub. Növbəti oyunlarda “Clinique La Prairie” komandası “World Polo League” üzərində 8,5-3, “Badrutt’s Palace” komandası isə “Casablanca” üzərində 4-1 hesabı ilə qələbə qazanıb.

Turnirin qaydalarına əsasən, yarımfinalda iştirak edəcək komandalar birinci turun yekununda qol fərqinə görə müəyyənləşib. Bu gün keçiriləcək yarımfinal mərhələsində “Clinique La Prairie” kollektivi “Casablanca”, “Land of Fire-Azerbaijan” isə “Badrutt’s Palace” komandası ilə qarşılaşacaq.

Azərbaycan millisinin oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Xəbər 433 dəfə oxundu.