Azərbaycan Futnet Federasiyasının 2021-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabat konfransı keçirilib
Yanvarın 26-da Azərbaycan Futnet Federasiyasının (AFNF) 2021-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabat konfransı keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra federasiyanın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən federasiyanın prezidenti Vüsal Xəlilov ötən ilin AFNF üçün uğurla keçdiyi, hesabat dövründə 5 beynəlxalq turnirin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan V.Xəlilov əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu idman siyasətinin hazırda Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, bu qayğı nəticəsində idmançılarımızın beynəlxalq arenada uğurla mübarizə apardıqlarını vurğulayıb.

Sonra federasiyanın baş katibi Əfqan Həmzəyev 2021-ci ildəki fəaliyyətin yekunları barədə hesabat məruzəsi ilə çıxış edib.
2017-ci ildə yaradılan AFNF-in tərkibində idmanın 3 növü - futvole, futnet və teqbolu birləşdirdiyini vurğulayan Ə.Həmzəyev deyib: “Ötən il federasiyanın təşəbbüsü ilə Beynəlxalq Futvole Federasiyası təşkil olunub. Beynəlxalq təşkilata V.Xəlilov rəhbərlik edir. Hazırda dünyada 50 milyondan artıq insan idmanın bu növü ilə məşğul olur. Məşhur futbolçular da özlərini bu idman növündə sınayırlar. Beynəlxalq Futvole Federasiyasının bir neçə beynəlxalq təşkilata üzv olması istiqamətində iş aparılır. Əsas hədəfimiz Dünya Çimərlik Oyunlarında təmsil olunmaqdır”.

Konfransda federasiyanın 2021-ci ildə futtennis və futvole idman növləri üzrə gördüyü işlərlə bağlı ayrıca hesabat təqdim edilib. Həmçinin bu il üçün yarışların qrafiki və tədbirlərin vaxtları açıqlanıb. Tədbirdə futtennis və futvole üzrə Azərbaycan millisinin beynəlxalq yarışlardakı çıxışları da müzakirə olunub.

İlin yekununda futtennis, futvole və teqbal üzrə müxtəlif nominasiyaların qalibləri də məlum olub. Qaliblərə AFNF-in sertifikatları və hədiyyələri, hesabat konfransında iştirak edən mətbuat nümayəndələrinə isə hədiyyələr təqdim edilib.

Xəbər 284 dəfə oxundu.