Madeleyne Montana: Azərbaycanda zəngin voleybol ənənələri var
Karyeramın Azərbaycanda keçirdiyim dövrü ilə bağlı xoş xatirələrim var. Bakının “Rabitə” klubunun heyətində böyük uğurlara imza atdıq. Qapılarını mənim üzümə açan “Rabitə”də çıxış etdiyim zaman çoxlu dost qazandım. Həmin insanlarla mütəmadi olaraq əlaqə saxlayır və fikir mübadiləsi aparıram.

Bunu “Rabitə” klubunun sabiq üzvü, kolumbiyalı voleybolçu Madeleyne Montana müsahibəsində deyib.
“Rabitə”nin heyətində Azərbaycan çempionu, Çempionlar Liqasının finalçısı və bombardiri olan 39 yaşlı voleybolçu bildirib:
“Azərbaycanda zəngin voleybol ənənələri var. İdmançılarınız yüksək peşəkarlığı və mübarizliyi ilə seçilirlər. “Rabitə” ilə klublararası dünya çempionatında və Çempionlar Liqasında maraqlı və həyəcanverici oyunlarımız oldu. Hər iki mötəbər yarışda mükafatçılar sırasında yer aldıq”.

Azərbaycan mədəniyyətinə və qonaqpərvərliyinə heyran olduğunu vurğulayan voleybolçu qeyd edib: “Azərbaycan mətbəxinə heyranam. Əsasən də paxlava ilə çay içməyi çox sevirəm. Azərbaycan çayının fərqli və özünəməxsus dadı var. Milli xörəkləriniz isə çox dadlı olur”.
Madeleyne Montana hələ “Rabitə” klubunda çıxış etdiyi vaxtlarda Bakının gündən-günə inkişaf etdiyini və gözəlləşdiyini deyib. “İndi Bakı mənə çox maraqlıdır. Əminəm ki, hazırda paytaxtınız daha da gözəlləşib. Çox istərdim, turist kimi ölkənizə gəlim, mədəniyyətiniz ilə bir daha yaxından tanış olum. Azərbaycanda dostlarım çoxdur və onlar həmişə məni qonaq dəvət edirlər”, - deyə kolumbiyalı voleybolçu əlavə edib.

Son olaraq Yunanıstanın “Aris” klubunun şərəfini qoruyan Madeleyne Montana hazırda istirahət etdiyini və yaxın vaxtda karyerası ilə bağlı mühüm qərarlar qəbul edəcəyini açıqlayıb.
Qeyd edək ki, voleybolçu Azərbaycan Super Liqasının 2012-2013-cü illər mövsümündə “Rabitə”nin heyətində ölkə çempionu olub. Kolumbiyalı hücumçu, həmçinin 2012-ci ildə “Rabitə” ilə Qətərdə təşkil olunan klublararası dünya çempionatında gümüş medal qazanıb. O, “KT&G Daejeon” komandasının heyətində 2009-2010-cu il mövsümündə Koreya Respublikası çempionatının qalibi adını qazanıb. Voleybolçu Kolumbiya millisinin də şərəfini qoruyub.

AZƏRTAC

Xəbər 307 dəfə oxundu.