Yeniyetmə şpaqaçılarımız Slovakiyada “Coupe du Danube 2022” turnirində çıxışlarını başa vurublar
Yeniyetmə şpaqaçılarımız Slovakiyanın paytaxtı Bratislavada “Cadet Circuit” çərçivəsində keçirilən “Coupe du Danube 2022” turnirində çıxışını başa vurub.

Azsport.az Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, qız şpaqaçıların şəxsi yarışında Nazilə Rəhimova və Xədicə Həsənli 300-ə yaxın iştirakçı arasında 64-lüyə kimi irəliləməyi bacarıblar.

Qrupda 4 qələbə qazanaraq pley-offa adlayan N.Rəhimova keçirdiyi ilk görüşdə Eleonara Sbarzellaya (İtaliya) 15:11 hesabı ilə qalib gəlsə də, növbəti görüşündə ABŞ-ı təmsil edən Lihi Maçulskiyə 11:15 hesabı ilə uduzub. Qrupda 4 qələbəsi olan X.Həsənli pley-offda keçirdiyi ilk görüşdə ukraynalı Nadiya Harçenkoya (15:11) qalib gəlsə də növbəti görüşündə İtaliya idmançısı Orso Eleonoraya 11:15 hesabı ilə məğlub olub.

Qrup mərhələsini 5 qələbə ilə başa vuran Alfiyə Abdinovanın pley-offda Polşa təmsilçisi Paulina Ostrovskaya ilə görüşün əsas vaxtı 11:11 hesabı ilə başa çatıb. Əlavə bir dəqiqə ərzində 1 xal qazanmağı bacaran polşalı şpaqaçı növbəti mərhələyə yüksəlib. Qrupu 2 qələbə ilə bitirən Aynur Quliyeva pley-offda ispaniyalı Martina Alvarezə 8:15 hesabı ilə uduzub.

Turnirə qız və oğlan iştirakçıların komanda yarışı ilə yekun vurulub.

Qızların komanda yarışında A.Abdinova, N.Rəhimova və X.Həsənlidən ibarət kollektiv ABŞ komandasına 27:38 hesabı ilə uduzub.

Oğlanların komanda yarışında isə Cəmil Hidayətov, Orxan Həsənli və Raul Aruslanovdan ibarət heyət ilk görüşündə İtaliyanın ikinci komandasına 22:45 hesabı ilə məğlub olub.

Görüşləri idarə edən hakimlər arasında Samirə Hüseynova da yer alıb.

Xəbər 299 dəfə oxundu.