FHN-in karate komandası respublika çempionatında uğurla çıxış edib
Fövqəladə Hallar Nazirliyinin (FHN) karate komandası Azərbaycan Karate Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının təşkilatçılığı ilə FHN-in Hövsan qəsəbəsindəki İdman-Sağlamlıq Klubunda keçirilən böyüklər arasında 29-cu respublika çempionatında uğurla çıxış edib.

Nazirliyin mətbuat xidmətindən Azsport.az saytına bildiriblər ki, 20-yə yaxın komandadan 150-dək idmançının mübarizə apardığı yarışda FHN-in İdman-Sağlamlıq Klubunun karate komandasının 14 idmançısı uğur qazanıb.

Kişilər arasında şəxsi kumite yarışlarında Tural Ələkbərli (75 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun komanda yoldaşı Murad Hacızadə (+84 kq) bürünc medala layiq görülüb. Kişilər arasında şəxsi kata yarışlarında mübarizə aparan FHN-in Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinin əsgərləri Roman Heydərov birinci, şəxsi kumite yarışlarında Həsən Əliyev (60 kq) ikinci yerləri tutublar. Qadınların şəxsi kata yarışlarında isə Samirə Məmmədova gümüş, Samirə Babayeva bürünc medallara sahibi olublar.
Qalib və mükafatçılara Azərbaycan Karate Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının medal və diplomları təqdim olunub.
FHN-in karate komandası çempionatda Azərbaycanda idmanın bu növünün geniş yayılmasına mühüm töhfə verən Avropa və ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, FHN-in İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayevin rəhbərliyi altında mübarizə aparıb.

Xəbər 496 dəfə oxundu.