Gənc boksçulardan ibarət millinin baş məşqçisi: Uğur qazanmaq üçün maksimum səy göstərəcəyik
Gənc boksçulardan ibarət yığma komanda Sumqayıtda məşqlərini davam etdirir. Komandanın üzvləri 2022-ci ildə keçiriləcək yarışlarda uğurla çıxış etmək üçün potensiallarını artırmağa səy göstərirlər. Gələn ilin fevralında Azərbaycan çempionatının təşkili planlaşdırılır. Bu yarışın yekunlarına görə, hər çəki dərəcəsində güclü idmançıların adları müəyyənləşəcək.

Bu sözləri boks üzrə gənclərdən ibarət yığmanın baş məşqçisi Əsgər Eyvazov müsahibəsində deyib.

Baş məşqçi bildirib ki, bu il koronavirus infeksiyası səbəbindən gənc boksçular hazırlıqlarını ən yüksək səviyyədə keçə bilməyiblər. Buna baxmayaraq, yığma komandanın üzvləri nüfuzlu yarışlarda medal qazanıblar: “Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən Avropa çempionatında Nicat Hüseynov (51 kq) və Kamil Babayev (54 kq) bürünc medala sahib olublar. Bu iki boksçumuzla yanaşı, Tural Sarıyev, Fətəli İsmayılov və digərlərinin də medal şansları var idi. Polşanın Keltse şəhərində keçirilən dünya birinciliyində isə komandamız 1 medal qazanıb. Belə ki, Azərbaycan millisinin üzvü Nicat Hüseynov üçüncü yeri tutub”.

Ə.Eyvazov deyib ki, əsas hədəf gələn il keçiriləcək nüfuzlu yarışlarda gənc boksçuların yüksək səviyyədə iştirakını təmin etməkdir. O, 2022-ci ildə keçiriləcək Avropa Gənclər Yay Olimpiya festivalı, dünya və Avropa çempionatları kimi güclü yarışlarda gənc boksçularımızın uğurla çıxış etməsi üçün kifayət qədər potensialın olduğunu bildirib: “Təbii ki, məşqlərin intensivliyi və boksçuların hazırlığı həm də epidemioloji vəziyyətdən asılı olacaq. Ümid edirik ki, gələn il dünyanı bürüyən koronavirus pandemiyası səngiyəcək. Uğur qazanmaq üçün maksimum səy göstərəcəyik”.

AZƏRTAC

Xəbər 407 dəfə oxundu.