Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışa start verilib
Dekabrın 10-da futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışların 2021-2022-ci il mövsümünə start verilib.

Yarışın açılış matçında Premyer Liqa təmsilçisi “Səbail” birinci divizionda çıxış edən “Zaqatala”nın qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın 48-ci dəqiqəsində Mirsayib Abbasov qonaqları hesabda önə keçirib. Oyunun 57-ci dəqiqəsində Roini İsmayılov tarazlığı bərpa edib. On dəqiqə sonra Əfran İsmayılov penaltini dəqiq yerinə yetirib. Mirsayib Abbasov 90+2-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

“Dənizçilər” dörddəbir finalda “Zirə” ilə üz-üzə gələcək. Bu raundun görüşləri fevralın 1-də və 2-də keçiriləcək.

Günün digər oyununda “Qəbələ” səfərdə MOİK-in qonağı olacaq.

Qeyd edək ki, səkkizdəbir finalın digər iki görüşü dekabrın 11-də oynanılacaq. Kubokun son qalibi “Keşlə” klubu “Qaradağ Lökbatan”ı, “Sabah” isə “Kəpəz”i qəbul edəcək. Bu mərhələ bir oyundan ibarət olacaq və qələbə qazanan komandalar dörddəbir finala yüksələcəklər.

Xəbər 319 dəfə oxundu.