“Keşlə”-“Səbail” oyununda qalib müəyyənləşməyib
Dekabrın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turuna “Keşlə”-“Səbail” oyunu start verilib.

“ASK Arena”da keçirilən oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Baş hakim Rauf Cabbarovun idarə etdiyi oyunda meydan sahiblərinin heyətində Felipe Santos və Anatole Abanq fərqləniblər. “Səbail”in qollarını isə Rahid Əmirquliyev və Camal Araqo vurublar.

Günün digər oyunu “Qarabağ” və “Sabah” komandaları arasında olacaq. Hazırda Ağdam klubu 27 xalla turnir cədvəlinə başçılıq edir. On dörd xalı olan paytaxt təmsilçisi isə beşincidir. FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüş saat 18:15-də başlayacaq.

Tura dekabrın 5-də “Neftçi” – “Sumqayıt” və “Zirə” - “Qəbələ” oyunları ilə yekun vurulacaq.

Qeyd edək ki, on iki turdan sonra turnir cədvəlinə 27 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivlərində 22 xalı olan “Zirə” və “Qəbələ” ikinci və üçüncü yerləri bölüşür. İyirmi xal toplayan “Neftçi” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sabah” (14), “Sumqayıt” (11), “Keşlə” (11) və “Səbail” (10) yer alıblar.

Xəbər 304 dəfə oxundu.