Dünya yaş qrupları yarışlarında qızlar arasında ikili minibatut üzrə qaliblər müəyyənləşib
Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında 13-14 yaş kateqoriyasında qızlar arasında ikili minibatut üzrə qaliblər müəyyənləşib.

Rusiyalı Yuliya Korotkova 67,100 xalla birinci olub.

ABŞ atleti Lea Edelman 66,300 xalla yarışı ikinci, digər rusiyalı idmançı Sofiya Alyaeva 66,200 xalla üçüncü pillədə başa vurublar.

Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 323 dəfə oxundu.