Rusiyalı gimnast Kirill Kozlov dünya yaş qrupları yarışlarında qızıl medal qazanıb
Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarında kişilər arasında batut gimnastikası üzrə fərdi proqramda qaliblər müəyyənləşib.

17-21 yaş kateqoriyasında rusiyalı Kirill Kozlov 58,325 xalla birinci olub.

Yaponiyalı atlet Şunta İseki 57,980 xalla yarışı ikinci, Belarus təmsilçisi Sebastyan Stankeviç 57,900 xalla üçüncü pillədə başa vurublar.

Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 304 dəfə oxundu.