Gimnastımız Selcan Maqsudova dünya yaş qrupları yarışlarının finalına yüksəlib
Azərbaycan təmsilçisi Selcan Maqsudova Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarının finalına yüksəlib.

İdmançımız 17-21 yaş qrupunda batut gimnastikası üzrə fərdi proqramda təsnifat yarışında 97,460 xalla ikinci olub və həlledici mərhələyə adlayıb.

S.Maqsudova ilə yanaşı, finalda rusiyalı Aleksandra Bonartseva, Meri Qolota, Yaponiya idmançısı Yuka Misava, almaniyalı Qabriela Şter, Kristin Frey Luka, ispaniyalı Erika Sans və Danimarka gimnastı Smilla Censen mübarizə aparacaqlar.

Noyabrın 28-dək Milli Gimnastika Arenasında davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 681 dəfə oxundu.