Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XII turuna start veriləcək
Noyabrın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasının XII turuna start veriləcək.

Turun ilk oyun günündə 11 xalla beşinci pillədə yer alan “Sabah” və 10 xalla 7-ci sırada qərarlaşan “Keşlə” komandaları üz-üzə gələcəklər. Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq matçı Rəşad Əhmədov idarə edəcək. Görüş saat 15:00-da başlayacaq.

İki kollektiv indiyədək ölkə çempionatında 11 dəfə qarşılaşıb. Bu görüşlərin birində meydan sahibləri, beşində qonaqlar qələbə qazanıblar. Beş qarşılaşmada qalib müəyyənləşməyib. Top fərqi də Sənan Qurbanovun baş məşqçi olduğu komandanın xeyrinədir - 14:6. “Keşlə” son on oyunda məğlub olmayıb. “Sabah” isə evdə qalib gəlməyib.

Günün ikinci oyununda “Bakcell Arena”da “Neftçi” və “Səbail” klubları münasibətlərinə aydınlıq gətirəcəklər. FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi görüş saat 19:00-da start götürəcək.

Ardıcıl üç turda məğlub olan flaqman hazırda 17 xalla turnir cədvəlində dördüncü pillədə yer alıb. Doqquz xalı olan “dənizçilər” isə sonuncu – səkkizinci yerdə qərarlaşıb.

Komandalar bu vaxtadək Premyer Liqada 16 dəfə qarşılaşıblar. “Neftçi” bu oyunların 11-də “Səbail” isə iki dəfə qələbə qazanıb. Üç qarşılaşmada heç-heçə qeydə alınıb. Meydan sahiblərinin vurduğu 37 qola qonaqlar 11 topla cavab veriblər. Bu komandalar arasındakı görüşlərdə ardıcıl beş oyunda qələbə qazanan “Neftçi” son dörd matçın hərəsində dörd qol vurulub.

Tura noyabrın 28-də oynanılacaq “Sumqayıt” – “Zirə” və noyabrın 29-da keçiriləcək “Qəbələ” - “Qarabağ” görüşləri ilə yekun vurulacaq.

Qeyd edək ki, 11 turdan sonra turnir cədvəlinə 26 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 21 xal olan “Qəbələ” ikinci, 19 xal toplayan “Zirə” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Neftçi” (17), “Sabah” (11), “Sumqayıt” (11), “Keşlə” (10) və “Səbail” (9) klubları yer alıblar.

Xəbər 306 dəfə oxundu.