Gimnastımız Selcan Maqsudova dünya yaş qrupları yarışlarının təsnifat mərhələsində uğurla çıxış edib
Azərbaycan təmsilçisi Selcan Maqsudova Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarında batut gimnastikası üzrə təsnifat mərhələsində uğurla çıxış edib.

İdmançımız 17-21 yaş qrupunda fərdi proqramda ilk çıxışına görə, hakimlərdən 44,860 xal alıb. Təmsilçimizin ikinci cəhdi daha uğurlu olub - 52,600 xal.

Gimnastımız 97,460 xalla ümumi sıralamada ikinci pillədə qərarlaşıb.

Noyabrın 28-dək Milli Gimnastika Arenasında davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 309 dəfə oxundu.