Azərbaycan gimnastı Tofiq Əliyev dünya yaş qrupları yarışlarında dördüncü olub
Azərbaycan gimnastı Tofiq Əliyev Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarını dördüncü pillədə başa vurub.

17-21 yaş kateqoriyasında mübarizə aparan tamblinqçimizin final çıxışı 35 xalla qiymətləndirilib.

Yarışın qalibi 36,200 xalla Rusiya gimnastı İqor Şikunov olub. Danimarkalı Mads Hansen 35,500 xalla gümüş, ABŞ idmançısı 35,400 xalla bürünc medala sahib olub.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 305 dəfə oxundu.