Fransalı gimnast Manon Morancai Bakıda birinci olub
Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında Fransa təmsilçisi Manon Morancai birinci olub.

17-21 yaş qrupunda qadınlar arasında tamblinq yarışlarının finalında M.Morancainin çıxışı hakimlər tərəfindən 34,700 xalla qiymətləndirilib.

Britaniyalı Demi Adams 34,100 xalla gümüş, yunanıstanlı Aleksandra Efraimoğlu isə 33,800 xalla bürünc medala sahib olublar.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı iştirak edir. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında mübarizə aparacaqlar. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 322 dəfə oxundu.