Dünya yaş qrupları yarışlarında qızlar arasında ikili minibatut üzrə təsnifat mərhələsi başa çatıb
Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında 11-12 yaş kateqoriyasında qızlar arasında ikili minibatut üzrə təsnifat mərhələsi başa çatıb.

Təsnifatda uğurla çıxış edən rusiyalı Yevgeniya Zaxarova, Yelizaveta Nikolayeva, Portuqaliya idmançıları Anna Odainii, İnes Korreia, Mariana Fernandes, belçikalı Yentl Verriken, Jan van Vesemil və estoniyalı Arabel Pedoson həlledici mərhələyə vəsiqəni təmin ediblər.

Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 296 dəfə oxundu.