Beş gimnastımız bu gün 28-ci dünya yaş qrupları yarışlarında mübarizəyə qoşulacaq
Bakıda batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışları davam edir.

Yarışın ikinci günündə - noyabrın 26-da 5 gimnastımız mübarizəyə qoşulacaq. Belə ki, təmsilçimiz Tofiq Əliyev 17-21 yaş kateqoriyasında tamblinq yarışlarında gücünü sınayacaq. Digər idmançılarımız 13-14 yaşlı gimnastlar arasında batut üzərində sinxron tullanış yarışlarında çıxış edəcəklər. Ötən gün batut yarışlarında turnirin qalibi olan Maqsud Maqsudov Nicat Mirzəyev ilə, Mehdi Əliyev isə Əli Niftəliyev ilə birgə medallar uğrunda mübarizə aparacaqlar.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 312 dəfə oxundu.