Filip Ozobiç: Qarşıdakı iki matçda maksimum nəticəyə nail olmaq istəyirik
Azərbaycan millisi ilə “Qarabağ”dakı çıxışlarımı ayırmaq istərdim. Sabah “Qarabağ”ın heyətində mübarizə aparacağam. Fikrimcə, hər şey yaxşı olacaq. Heç bir neqativ enerji yoxdur.

Bunu UEFA Konfrans Liqasının qrup mərhələsinin beşinci turunda Bakıda Kiprin “Omoniya” komandasını qəbul edəcək Ağdamın “Qarabağ” klubunun futbolçusu və yığmamızın üzvü Filip Ozobiç noyabrın 24-də təşkil olunan mətbuat konfransında deyib.

Futbolçu bildirib ki, bizi ağır oyun gözləyir. İlk görüşdə 4:1 qalib gəlsək də, rəqib çox yaxşı komandadır və güclü oyunçuları var. Qarşıdakı iki matçda maksimum nəticəyə nail olmaq istəyirik. Sonrasının necə olacağına baxacağıq. Əsas məsələ son 2 matça konsentrasiya olunmaqdır.

Noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.

Hesabında 10 xal olan “Qarabağ” komandası qrupda birinci pillədə qərarlaşıb. İsveçrənin “Bazel” komandası 8 xalla ikinci, Kiprin “Omoniya” klubu 2 xalla üçüncü, hesabında xal olmayan “Kayrat” (Qazaxıstan) isə sonuncudur.

Xəbər 289 dəfə oxundu.