Azərbaycan Premyer Liqası: "Neftçi" yenə məğlub olub
Noyabrın 20-də futbol üzrə Azərbaycan Premyer Liqasında XI turunun daha bir oyunu keçirilib.

"Neftçi" klubu "Bakcell Arena"da "Sabah" komandasını qəbul edib.

Gərgin keçən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 33-cü dəqiqədə flaqmanın hücumçusu Ramon Maçado açıb. İlk hissə meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb. Görüşün 53-cü dəqiqəsində qonaqlar Coy-Lens Mikelsin qolu ilə tarazlığı bərpa ediblər. Oyunun 69-cu dəqiqəsində növbəti dəfə fərqlənən almaniyalı yarımmüdafiəçi komandasına qələbə qazandırıb. Bu, "ağ-qaralar"ın ardıcıl üçüncü məğlubiyyəti olub.

Bu nəticədən sonra xallarını 11-ə çatdıran "Sabah" klubu "Sumqayıt"la birlikdə 5 -ci və 6-cı yerləri bölüşdürür. On yeddi xalı olan "Neftçi" isə 4-cü pillədə qərarlaşıb.

Matçın final fitindən sonra meydana azarkeş daxil olub və "ağ-qaralar"ın hücumçusu Mirabdulla Abbasova hücum edib. Hadisəyə fanatların futbolçuları təhqir etməsi, Abbasovun isə onlara cavab qaytarması səbəb olub.

Qeyd edək ki, XI turun ilk iki oyununda "Qarabağ" evdə "Keşlə"yə 1:0, "Zirə" isə "Səbail"ə 3:1 hesabı ilə qalib gəlib. Tura noyabrın 21-də oynanılacaq "Qəbələ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.

Xəbər 339 dəfə oxundu.