Qadınlar arasında batut üzərində sinxron tullanış yarışlarının təsnifat mərhələsinə yekun vurulub
Bakıda keçirilən dünya çempionatında qadınlar arasında batut üzərində sinxron tullanış yarışlarının təsnifat mərhələsinə yekun vurulub.

Təsnifat mərhələsində ilk səkkiz yeri tutan cütlüklər noyabrın 20-də keçiriləcək həlledici mərhələyə yüksəliblər.

Medallar uğrunda Yiçenq Hu, Sinsin Çjan (Çin), Narumi Tamura, Hikaru Mori (Yaponiya), Katarina Marianito Nunes, Beatris Martins (Portuqaliya), Anna Kornetskaya, Lana Lebedeva (Rusiya Gimnastika Federasiyası), Niami Slatteri, Romana Şurinq (Niderland), Sofiane Methot, Sara Milette (Kanada), Marine Prieur, Klea Brusse (Fransa), Sofia Redman və Hanna Riden (İsveç) mübarizə aparacaqlar.

Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Yarışların ilk iki günündə təsnifat, son iki günündə isə finallar keçiriləcək. Qaydalara əsasən, hər iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 465 dəfə oxundu.