Dünya çempionatında qadınlar arasında ikili mini-batut üzrə təsnifat yarışlarına yekun vurulub
Bakıda təşkil olunan batut gimnastikası üzrə dünya çempionatında qadınlar arasında ikili mini-batut üzrə fərdi yarışlarda finalçılar müəyyənləşib.

Təsnifat mərhələsində uğurla çıxış edən ispaniyalı Melina Rodriqez, ABŞ təmsilçiləri Tristan van Natta, Şelbi Nobuhara, Rusiya Gimnastika Federasiyasının üzvləri Aleksandra Bonartseva, Dana Sadkova, britaniyalı Betani Uilamson, İnes Martins (Portuqaliya) və isveçli Lina Sjoeberg həlledici mərhələyə yüksəliblər.

Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Yarışların ilk iki günündə təsnifat, son iki günündə isə finallar keçiriləcək. Qaydalara əsasən, hər iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 245 dəfə oxundu.