Yeniyetmə oğlan sablyaçılarımız İstanbulda turnirində iştirak ediblər
Azərbaycanın yeniyetmə oğlan sablyaçıları İstanbulda keçirilən “Yıldızlar Kılıç Circuit” turnirində iştirak ediblər.

Qılıncoynadanlarımız Ayxan Xasiyev, Nurlan Zeynallı və Murad Muradov qrup mərhələsini uğurla başa vuraraq pley-offa adlayıblar. Ən güclü 16 sablyaçı sırasına yüksəlməyi bacaran A.Xasıyev pley-offda keçirilən görüşlərdə Türkiyə və Yunanıstanı təmsil edən rəqiblərinə qalib gəlsə də səkkizdəbir finalda türkiyəli Enes Talha Kalenderə 6:15 hesabı ilə uduzub.

M.Muradov pley-offda rumıniyalı Dacian Enaçeyə (4:15), Nurlan Zeynallı isə türkiyəli Alkim Öztürkə (13:15) məğlub olub.

Qrupda 2 qələbəsi olan Abbas Hüseynov isə mübarizəni erkən başa vurub.

Komanda yarışında Türkiyənin 5-ci komandasına 44:45 hesabı ilə uduzan A.Xasıyev, M.Muradov və N.Zeynallıdan ibarət seçmə kollektiv 9-10-cu yerlər uğrunda keçirilən görüşdə Danimarka komandasına 45:37 hesabı ilə qalib gəlib.

Xəbər 324 dəfə oxundu.