Saridan Mursaqulov: Gələn il Ağrı, Kazbek və Elbrus dağlarına yürüş planlaşdırılır
Dünyanı ağuşuna alan pandemiya bütün sahələrdə olduğu kimi, alpinizmdən növündən də yan keçməyib. Bu səbəbdən də 2021-ci il üçün nəzərdə tutduğumuz bir sıra tədbirləri həyata keçirə bilmədik. Bununla belə, klubumuz fəaliyyətsiz qalmayıb. Belə ki, il ərzində bir neçə yürüş təşkil etməyə nail olduq.

Bu sözləri "Alpinist və Turizm" Respublika İdman Klubunun sədri Saridan Mursaqulov məxsusi müsahibəsində deyib.

Alpinizm üzrə yerli tədbirlərin demək olar ki, hamısının klubun təşkil etdiyini vurğulayan S.Mursaqulov bildirib: “Klubun üzvlərinin iştirakı ilə il ərzində ölkə daxilində bir neçə dəfə yürüş təşkil edilib. Hər il olduğu kimi, bu il də klubumuzun üzvləri ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə “Heydər zirvəsi”ni (3751 m) fəth ediblər. Yüksək səviyyədə təşkil edilən bu yürüşün keçirilməsi artıq ənənəyə çevrilib. Alpinistlərimiz, eyni zamanda, bu il “Zəfər zirvəsi”ni, eləcə də Türkiyədəki Ağrı dağının zirvəsini fəth ediblər. Daha bir yürüş Sərxan Məmmədovun rəhbərliyi altında Elbrus dağına təşkil edilib”.

S.Mursaqulov bu il sonuncu yürüşün oktyabrda baş tutduğunu qeyd edib: “Klubumuzun təşkilatçılığı ilə sonuncu yürüş oktyabrın 21-23-də təşkil olunub. Ölkəmizdə yüksək səviyyədə qeyd edilən Zəfər Günü münasibətilə özüm də daxil olmaqla 11 nəfərlik heyətlə həm “Zəfər zirvəsi”nə, həm də “Heydər zirvəsi”nə yürüş etdik. Gənclər və İdman Nazirliyi ilə “Alpinist və Turizm” respublika idman klubunun birgə təşkil etdiyi bu yürüşün təşəbbüskarı nazirliyin idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mənsurov idi. Yürüş iştirakçıları hər iki zirvəyə “Qarabağ Azərbaycandır!” şüarı ilə qalxdılar”.

İlin sonunadək daha bir yürüşün planlaşdırıldığını vurğulayan S.Mursaqulov bildirib ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun təşəbbüsü ilə qurumun bir neçə əməkdaşı da daxil olmaqla, dekabrın əvvəlində Ulu Öndərin anım günü münasibətilə “Heydər zirvəsi”nə yürüş planlaşdırılır. Düzdür, bu yürüşə hazırlıq işləri gedir. Amma hava şəraitindən də çox şey asılıdır. Havanın, Xınalığın və eləcə də sonrakı yolların vəziyyətinin necə olacağını bilmirik. Əgər hava şəraiti imkan verərsə, bu planımız da həyata keçəcək. Alınmasa, onda bu niyyətimizi gələn il Ulu Öndərin anadan olmasının ildönümündə reallaşdıracağıq”.

Gələn il üçün nəzərdə tutulan planlardan danışan S.Mursaqulov bildirib ki, 2022-ci il üçün bir sıra tədbirlər nəzərdə tutulub: “Heydər zirvəsi”nin fəthi ilə startı veriləcək növbəti mövsümdə “Zəfər zirvəsi” və “Olimpiya zirvəsi”nə yürüş edəcəyik. Bu iki zirvəni bir gündə fəth etməyi planlaşdırırıq. Bu yürüşü Olimpiya Günündə həyata keçirməyi nəzərdə tutmuşuq”.

Klubun sədri onun təşəbbüsü ilə olimpiyaçılarımızın şərəfinə təşkil edilən “Olimpiya zirvəsi”nə yürüşün 2001-ci ildən başlayaraq hər il keçirildiyini vurğulayıb. Cənubi Bazardüzü dağ silsiləsində yerləşən bu zirvənin hündürlüyü 3860 metrdir. S.Mursaqulov gələn il pandemiya şəraitinin imkan verəcəyi təqdirdə "Alpinist və Turizm" Respublika İdman Klubunun üzvlərinin ölkənin hüdudlarından kənarda yerləşən bir sıra zirvələrə də yürüş edəcəklərini bildirib: “Türkiyədə Ağrı, Gürcüstanda isə Kazbek və Elbrus dağlarına yürüş planlaşdırılır. Təbii ki, bu yürüşlər pandemiyanın vəziyyətindən, sərhədlərin açılmasından asılı olacaq. Gələn il, həmçinin işğaldan azad edilən torpaqlarımızda da bir neçə yürüşün təşkilini nəzərdə tuturuq. Bu yürüşlərin yüksək səviyyədə baş tutması üçün hazırlıqlarımız davam edir”.

AZƏRTAC

Xəbər 424 dəfə oxundu.