Azərbaycanın yeniyetmə qılıncoynadanı Türkiyədə bürünc medala sahib olub
Azərbaycanın qılıncoynatma üzrə yeniyetmə qız sablyaçılardan ibarət milli komandası İstanbulda keçirilən “Yıldızlar Kılıç Cırcuit” turnirində iştirak edib.

Təmsilçilərimizdən dünya birinciliyinin mükafatçısı Zərifə Hüseynova şəxsi yarışlarda bürünc medal qazanıb.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran Z.Hüseynova pley-offda Türkiyə və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələrək ən güclü 8-liyə yüksəlib. Burada türkiyəli sablyaçı Gökce Sena Üstünə 10:15 hesabı ilə uduzan qılıncoynadanımız 100-dən çox idmançının qatıldığı yarışda bürünc medala layiq görülüb.

Qrupda 3 qələbəsi olan Fidan Quliyeva ilk pley-off görüşündə qalib gələrək ən güclü 64-lüyə yüksəlsə də, burada türkiyəli rəqibinə məğlub olub. Qrup mərhələsini qələbəsiz başa vuran Əminə Rzaquluzadə isə mübarizəni erkən dayandırıb.

Sablya üzrə yeniyetmə qızların komanda yarışında ilk görüşündə Türkiyəyə 22:45 hesabı ilə uduzan Zərifə Hüseynova, Fidan Quliyeva və Əminə Rzaquluzadədən ibarət seçmə kollektiv 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Rumıniyanın 3-cü komandasına 45:42 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə Türkiyənin 5-ci kollektivinə 41:45 hesabı ilə məğlub olub. Sablyaçılarımız 11-12-ci yerlər uğrunda keçirilən görüşdə Yunanıstanın 2-ci komandasına 35:45 hesabı ilə uduzublar.

Turnirdə görüşləri idarə edən hakimlər arasında gənc hakimimiz Cavanşir Ağakişiyev də olub.

Xəbər 304 dəfə oxundu.