Karate və parakarateçilərimiz dünya çempionatında iştirak edəcəklər
Dubayda noyabrın 16-21-dək karate, ayın 21-də isə parakarate üzrə dünya çempionatları keçiriləcək.

Azərbaycanı yarışlarda karate üzrə 17, parakarate üzrə isə 5 idmançı təmsil edəcək.

Kumite üzrə kişilərdən ibarət milli komandanın heyətində fərdi yarışlarda Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq) və Asiman Qurbanlı (+84 kq) mübarizə aparacaqlar. Komanda yarışlarında isə Turqut Həsənov, Rafiz Həsənov, Tural Ələkbərli, eləcə də fərdi yarışlarda mübarizə aparacaq T.Ağalarzadə, R.Ağayev, P.Abdullayev və A.Qurbanlı iştirak edəcəklər.

Qadınlardan ibarət komandada isə Nuranə Əiyeva (50 kq), İlahə Qasımova (55 kq), Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) yer alıblar. Onlardan N.Əliyeva, İ.Qasımova, İ.Zaretska və F.Əliyeva komanda yarışlarına da qatılacaqlar.
Kata turnirində isə Roman Heydərov fərdi, İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev komanda yarışlarında, Eldar Əhmədov, Sahib Əhədov, Ülvi Zeynallı, Lazım Allahverdiyev və Emiliya Mitilinova isə parakaratedə iştirak edəcəklər.

Karate yarışlarında 117 ölkədən 1054 karateçi, parakaratedə isə 21 dövlətdən 81 idmançı iştirak edəcək.

Xəbər 325 dəfə oxundu.