“Münaqişədən sonra gənclər və uşaqlara dəstək” adlı layihəyə start verilir
Azərbaycan Kapoeyra Federasiyasının (AKF) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təşkilatçılığı ilə “Münaqişədən sonra gənclər və uşaqlara dəstək” adlı layihəyə start verilir.

Layihə Bakı, Bərdə və Gəncə şəhərlərini əhatə edəcək.

Layihə çərçivəsində müharibədən əziyyət çəkmiş uşaq və gənclərə, habelə şəhid övladlarına kapoeyra idman növü vasitəsilə psixoloji və fiziki durumlarını inkişaf etdirməyə yönəlmiş proqramlar təşkil olunacaq. Kapoeyranın özünəməxsus tərzi, musiqi və idmanın harmoniyası ilə iştirakçılarda bu idman növünə maraq oyatmaq, onların fiziki-mənəvi durumlarına müsbət təsir etmək layihənin başlıca məqsədidir.

Layihənin icra olunacağı üç ay ərzində federasiyanın peşəkar məşqçi heyəti, eyni zamanda, psixoloqlar və sosial işçilər fəaliyyət göstərəcəklər. Gənclər və İdman Nazirliyi, Braziliyanın Azərbaycandakı səfirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi də layihənin icrasına dəstək verir. Bu layihəyə əcnəbi qaçqın statusu ilə ölkəmizdə yaşayan şəxslər də iştirak edə bilərlər.

Xəbər 308 dəfə oxundu.