"Böyük dəbilqə" turniri: Cüdoçumuz bürünc medala sahib olub
Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə" turnirinin üçüncü günündə Azərbaycan cüdoçusu Uşangi Kokauri bürünc medala sahib olub.

100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən cüdoçumuz bürünc medal uğrunda görüşdə almaniyalı Sven Heyni məğlub edib.

Qeyd edək ki, bu gün daha bir cüdoçumuz medal qazanıb. Belə ki, Məhəmməd Mehdiyev (90 kq) gümüş medala layiq görülüb.

Turnirin birinci və ikinci günlərində təmsilçilərimiz Orxan Səfərov (66 kq) qızıl, İçinxorloo Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (81 kq) isə bürünc medal qazanıblar.

Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan turnirdə iyirmi doqquz ölkədən 200-ə yaxın cüdoçu iştirak edir. Azərbaycan yarışda 33 cüdoçu ilə təmsil olunur.

Xəbər 376 dəfə oxundu.