Atçılıq üzrə “Zəfər” kuboku uğrunda mübarizə başa çatıb
Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) Zəfər bayramı ərəfəsində vətənpərvərlik ruhunda təşkil etdiyi silsilə yarışlar çərçivəsində noyabrın 6-da Binə Atçılıq Mərkəzinin açıq manejində “Zəfər” kuboku uğrunda konkur yarışları keçirib.

“E” və “M” kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.

İlk yarış saat 10:00-dan etibarən başlanıb. “E” kateqoriyası üzrə 80 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, iyirmi yaşdan yuxarı idmançılar isə 6 yaşadək atlarla iştirak ediblər. On dörd idmançının iştirak etdiyi mübarizədə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançısı Rəna Axundova “Tibet” ləqəbli atla birinci, “Buta Qolden” atçılıq klubunun üzvü Eqor Morotski “Lourness” ləqəbli atla ikinci, “Omar” atçılıq klubunun təmsilçisi Nurlan Rüstəmov isə “Şantal” ləqəbli atla üçüncü yerləri tutublar.

Günün ikinci yarışına saat 12:00-dan start verilib. “M” kateqoriyalı 125-130 santimetr hündürlükdə yerləşdirilmiş maneələrdən ibarət yarışda 11 at iştirak edib. “Buta Golden” atçılıq klubunun idmançısı Eqor Morotski “Astrello” ləqəbli atla rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq “Zəfər” kubokunun sahibi olub. “Omar” atçılıq klubunun təmsilçisi Elmar Abdullayev “Bulud” ləqəbli atla ikinci, Atçılıq Məktəbinin nümayəndəsi Ələkbər Məmmədov isə “Ak’s Clinteus” ləqəbli atla üçüncü olub.

Qaliblər ARAF-ın vitse-prezidenti Bəsirət Quliyev tərəfindən diplom, medal və kubokla təltif ediliblər.

Xəbər 459 dəfə oxundu.