Azyaşlı və yeniyetmə idmançılar üçün “Antidopinq dəyərləri” seminarı keçirilib
“Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində azyaşlı və yeniyetmə idmançılar üçün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) “Antidopinq dəyərləri” seminarı keçirilib.

Seminarda boks, sambo, güləş və cüdo ilə məşğul olan idmançılar iştirak ediblər. Tədbirdə idmançılara dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında məlumat verilib.

Seminarda dopinq nəzarəti haqqında animasiyalı videoçarx təqdim olunub. Daha sonra iştirakçılar AMADA-nın onlayn antidopinq testi vasitəsilə öz biliklərini yoxlayıblar.

Test zamanı suallara düzgün cavab verən iştirakçılara üzərində AMADA-nın “Təmiz idman” şüarı olan xatirə hədiyyələri təqdim olunub.

Xəbər 429 dəfə oxundu.