“Qarapapaq” peşəkar boks gecəsinin açılış mərasimi keçirilib
Oktyabrın 30-da Bakı İdman Sarayında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Qarapapaq” peşəkar boks gecəsinin açılış mərasimi keçirilib.

Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən “Qarapapaq Fight Club & Promotion”un prezidenti Aqil Acalov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük Qələbədən danışıb: “Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını şərəflə yerinə yetirərək 30 il Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərimizi 44 gün ərzində düşməndən azad edib. Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Azərbaycanın qəhrəman övladlarının xatirəsi qədirbilən xalqımız tərəfindən daim anılacaq”.

Aqil Acalov peşəkar boksun Azərbaycanda inkişafından danışaraq bildirib ki, son illər ərzində peşəkar boks üzrə ölkəmizdə bir sıra yarışlar keçirilib. “Qarapapaq” peşəkar boks gecəsində istedadlı rinq ustalarının iştirak etdiyini vurğulayan Aqil Acalov bu cür yarışların keçirilməsində məqsədin həm də peşəkar boksçuların yarış təcrübəsini zənginləşdirmək olduğunu bildirib.

Sonra "Olimpik Pro”nun təsisçiləri Rüfət Həsənov, Arif Zeynalov, boks üzrə dünya çempionu, Azərbaycan Peşəkar Boks Federasiyasının birinci vitse-prezidenti Fərhad Acalov çıxış edərək ölkəmizdə peşəkar boksun gələcək perspektivlərindən danışıblar.

Daha sonra yarışa start verilib.

Qeyd edək ki, yarış Azərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi, “Qarapapaq Fight Club & Promotion” və “Olimpik Pro”nun təşkilatçılığı ilə keçirilir. Turnirdə orta və ağır çəkilərdə 16 peşəkar boksçu ümumilikdə 8 döyüş keçirəcək.

Xəbər 570 dəfə oxundu.