Daxili İşlər Nazirliyinin idmançıları İtaliyada keçirilən dünya çempionatında dörd medal qazanıblar
Daxili İşlər Nazirliyinin idmançıları İtaliyanın Cesolo şəhərində keçirilən kikboksinq üzrə böyüklər arasında WAKO versiyası üzrə dünya çempionatında mübarizə aparıblar.

Nazirliyin İdman Cəmiyyəti yarışlarda “WAKO Lo-Kick” versiyası üzrə böyük məşqçi, gənclər və yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi, Əməkdar məşqçi, Baş Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Hikmət Hacıyevin rəhbərliyi altında 6 idmançı ilə təmsil olunub.

Görüşlərdə Azərbaycan Kikboks Federasiyasının birinci vitse-prezidenti, WAKO versiyası üzrə dünya çempionu, peşəkar döyüşlərin qalibi Ramal Aslanov rus, xorvat və qırğız idmançıları məğlub edərək final mərhələsinə vəsiqə qazanıb. Finalda qələbənin hakimlərin qərarı ilə rəqibə verilməsindən sonra idmançımız gümüş medalla kifayətlənməli olub.

DİN İdman Cəmiyyətini təmsil edən digər idmançılar - Hüseyn Hacıyev onaltıdabir, Elməddin Baxşəliyev isə səkkizdəbir finalda mübarizəni dayandırıblar. Əsgər Rəhimov və Məhəmməd İmanov isə Vətənə bürünc medallarla qayıdıblar.

Veteranların yarışında İdman Cəmiyyətinin baş inspektoru, polis polkovnik-leytenantı Eduard Məmmədov 63 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxıb. İlk döyüşdə italiyalı idmançıya 15 xal üstünlüyü ilə vaxtından tez qalib gələn idmançımız ikinci qarşılaşmada Avstriya təmsilçisini məğlub edib. Finalda Ukrayna idmançısını yarışdan kənarlaşdıran E.Məmmədov qızıl medal qazanıb. Bununla da veteran idmançı “WAKO” versiya üzrə 6-cı, ümumilikdə isə bütün versiyalar üzrə 26-cı dəfə dünya çempionu olub.

Vətən müharibəsindən sonra ilk yarışına çıxan E.Məmmədov bu qələbəsini şəhidlərimizin xatirəsinə həsr etdiyini bildirib.


Xəbər 350 dəfə oxundu.