Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün Monqolustan komandası heyətini açıqlayıb
Noyabrın 5-7-də Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turniri üçün Monqolustan komandası heyətini açıqlayıb.

Yarışda ölkəni 22 (12 kişi, 10 qadın) cüdoçu təmsil edəcək. Yığmanın heyətində kişilərin yarışında mübarizə aparacaq Tokio Olimpiadasının bürünc, “Böyük dəbilqə” turnirinin ikiqat qalibi və mükafatçısı Tsogtbaatar Tsend-Oçir (73 kq), “Böyük dəbilqə” turnirlərinin, eləcə də bir sıra nüfuzlu yarışların qalib və mükafatçıları olmuş Ariunbold Enxtaivan (60 kq), Altanbagana Gantulga (90 kq), Gonçıgsuren Batxuyag (100 kq) kimi güclü cüdoçular iştirak edəcəklər. Qadınların turnirində isə Narantsetseg Ganbaatar (48 kq), Xorloodoi Bişrelt (52 kq), Ganxaiç Bold (63 kq) kimi titullu idmançılar “Böyük dəbilqə” turnirində yarışacaqlar.

Qeyd edək ki, Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində indiyədək 29 ölkədən 202 cüdoçu iştirakını təsdiqləyib.

Xəbər 386 dəfə oxundu.