Nəriman Abdullayev: Dünya çempionatında döyüşlər gərgin keçəcək
Serbiyada keçiriləcək dünya çempionatı əvvəlkilərdən fərqli olaraq bir qədər uzun müddət davam edəcək. Yarışa oktyabrın 24-də start veriləcək və noyabrın 6-da başa çatacaq. Bu da AIBA (Beynəlxalq Həvəskar Boks Federasiyası) tərəfindən tətbiq edilən yeni qaydalarla əlaqədardır.

Bunu müsahibəsində Boks Mərkəzində dünya çempionatına hazırlığı davam etdirən Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev deyib.

Yarışın 10 deyil, 13 çəki dərəcəsində keçiriləcəyini bildirən N.Abdullayev qeyd edib ki, bir müddət əvvəl Beynəlxalq Olimpiya Komitəsi (BOK) çəki dərəcələrini azaldaraq 8-ə salmışdı. Lakin AIBA rəhbərliyinin təşəbbüsü ilə çəki dərəcələri artırılaraq yenidən 13 olub. Komanda oktyabrın 21-də Serbiyaya yola düşəcək. Mundialda iştirak edəcək boksçuların adı AIBA-ya göndərilib. Azərbaycan yığması çempionata tam heyətlə deyil, 9 boksçu ilə qatılacaq. Heyətdə Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Alfonso Dominqes (86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) yer alıblar. Onların arasında təcrübəli bokçsularla yanaşı, komandaya yeni cəlb edilənlər də var.

“Hər çəki dərəcəsində boksçumuz var. Sadəcə, yeni çəki dərəcələri gec elan edilib. Mundialın başlamasına 18 gün qalmış AIBA belə qərar verib. Düşündük ki, 18 günə yeni çəkidə mundiala hazırlaşmaq o qədər də faydalı olmayacaq. Onu da deyim ki, biz mundialda 48, 54, 67 və 80 kiloqram çəki dərəcələrində təmsil olunmayacağıq. Yeni qaydalar rinqə çıxan rəqiblərin əlcəklərinə də tətbiq ediləcək. Belə ki, əvvəllər rəqiblər rinqə fərqli rəngdə olan əlcəklə çıxırdılar. İndi isə hər iki boksçu ağ əlcəklə vuruşacaq. Amma rinqin küncləri yenə də qırmızı və göy rəngdə olacaq”, - deyə N.Abdullayev əlavə edib.

Boksçuların hazırlıq səviyyəsindən razı olan böyük məşqçi bildirib ki, idmançılarımızın layiqli döyüş keçirəcəklərinə inanır: “Çempionatda döyüşlər gərgin keçəcək. Bunun da əsas səbəblərindən biri yeni qaydalardır. Belə ki, ilk dəfə olaraq, çempionatda qalib və mükafatçılara yüksək məbləğdə pul veriləcək. Hamı istəyəcək ki, həm medal, həm də pul qazansın. AIBA mundial üçün 2,6 milyon dollar məbləğində mükafat fondu ayırıb. Çəki dərəcələrində qaliblər 100, ikinci yerin sahibləri 50, üçüncü yeri tutanlar isə 30 min dollar qazanacaqlar. Buna görə də, mundialda güclü rəqabət olacaq. Hamı bu fürsətdən yararlanmaq üçün maksimum gücündən istifadə edəcək. Boksçularımız da, bu yarışa çox ciddi hazırlaşır. Düzdür, pandemiya ilə əlaqədar bir müddət zallarda hazırlıq keçə bilmədik. Bütün məşqlərimizi çöldə - açıq havada keçirirdik”.

N.Abdullayev qeyd edib ki, komandamızın lideri “Tokio-2020”nin bürünc medalçısı Alfonso Dominqesdir. Ondan bu çempionatda da medal gözlədiklərini bildirən böyük məşqçi Alfonsodan başqa digər boksçularımızın da uğurla çıxış edəcəyinə inandığını deyib: “Tayfur Əliyev və Məhəmməd Abdullayevə də ümid bəsləyirik. Amma burada uğur qazanmaq uçün püşkatmadan da çox şey asılıdır. Boksçumuzun hansı ölkə təmsilçisi ilə mübarizə aparacağının böyük əhəmiyyəti var. Rəqibimiz həm güclü, həm də zəif ölkə təmsilçisi ola bilər. Məsələn, Kuba komandasının heyətində 4 hazırkı dünya çempionu var – Endi Kruza Qomes, Ranielya İqlesiase, Arlen Lopes və Xulio La Kruza. Boksçumuz Alfonso Tokio Olimpiadasının yarımfinalında məhz Lopesə uduzdu. Lopes isə ikiqat Olimpiya çempionu adını qazandı”.

AZƏRTAC

Xəbər 313 dəfə oxundu.