“Avro-2022”: Oktyabrın 18-də Azərbaycan millisinin rəqibləri müəyyənləşəcək
Oktyabrın 18-də gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılacaq. Həlledici raund ilk dəfə olaraq 16 komandanın iştirakı ilə keçiriləcək.

Niderlandın Zeist şəhərində təşkil olunacaq püşkatma yerli vaxtla saat 18:00-da start götürəcək. Meydan sahibi Niderlandla yanaşı, Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, Finlandiya, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna milliləri də final mərhələsində iştirak edəcəklər. Sonuncu vəsiqənin sahibi isə noyabrda Belarus və Serbiya yığmaları arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.

Artıq komandalar səbətlərə bölünüb. Qruplara hər səbətdən bir komanda düşəcək. Deməli, millimiz Xorvatiya, İtaliya və Serbiya-Belarus cütünün qalibi ilə bir qrupda yer almayacaq. Meydan sahibi Niderland isə püşk atılan zaman avtomatik olaraq A qrupunda 1-ci pillədə qərarlaşacaq.

Xəbər 299 dəfə oxundu.