Peşəkar boksçu Menni Pakyao karyerasını bitirdiyini təsdiqləyib
Boks üzrə səkkiz çəki dərəcəsi üzrə keçmiş dünya çempionu filippinli Menni Pakyao karyerasını bitirdiyini təsdiqləyib.

Bu barədə xarici KİV-lər məlumat verib. Məlumatda bildirilir ki, o, 2022-ci ildə Filippin prezidentliyinə namizəd olacağını açıqlayıb.

Qırx iki yaşlı boksçu WBA (Dünya Boks Assosiasiyasının) versiyası üzrə super çempionluq titulu uğrunda avqustun 22-də keçirdiyi son döyüşündə kubalı Yordenis Uqasa uduzub.

Menni Pakyao idman karyerasına 1995-ci ildə başlayıb. Səkkiz müxtəlif kateqoriyada dünya çempionu kimi boks tarixinə düşən Pakyao karyerası ərzində 56 qələbə qazanıb, cəmi 5 dəfə məğlub olub. O qələbələrinin 38-ni nokautla qazanıb. Amerika İdman Akademiyası versiyası üzrə 2009-cu ilin ən yaxşı idmançısı seçilən Menni Pakyao siyasət aləmində də kifayət qədər tanınır. Menni ilk dəfə siyasətdə özünü 2007-ci ildə sınayıb və o vaxt Filippin Liberal Partiyasının nümayəndəsi seçilib.

Boksçu Filippin Senatının üzvüdür və səlahiyyət müddəti 2022 -ci ildə bitir.

Xəbər 305 dəfə oxundu.