Formula 1 Qran-Prisi 9 illik fasilədən sonra Türkiyədə
Uzun fasilədən sonra, Formula 1 yenidən İstanbula qayıdıb. Qardaş ölkədə bolidlərin uğultusu ilk dəfə hələ 2005-ci ildə eşidilmişdi.

Bunun üçün Türkiyə təşkilatçıları Qran-Pri namizədləri üçün nümunə ola biləcək nəhəng bir layihə hazırlayaraq qısa müddətdə reallaşdırıblar. Trekin inşasına 2004-cü ilin dekabrında başlanılmışdı. Uzunluğu 5338 metr olan tras İstanbulun Asiya hissəsində, şəhərin Tuzla bölgəsində yerləşir. Yarışlar saatın tərsi istiqamətində keçirilir. Pilotlar 6-sı sağ və 8-i sol olmaqla, 14 döngə edirlər. Avtodromda 26250 nəfərlik əsas tribuna, əlavə olaraq, müvəqqəti yaradılan 60000 nəfərlik tribuna və 5 minlik VİP tribuna tikilib. Ümumilikdə, yarışları 130 minədək tamaşaçı izləyə bilər.
Formula 1 yarışına Türkiyə ilk dəfə 2005-ci ildə "İstanbul park" avtodromunda ev sahibliyi edib. Həmin mövsümdə F1-in sayca 14-cü olan Türkiyə mərhələsində 58 dövrənin yekununda finlandiyalı pilot Kimi Raykkonen qalib olub. İspaniyalı Fernando Alonso ikinci, kolumbiyalı Xuan Montoya üçüncü yeri tutublar.

Həmin il Formula 1 mərhələ yarışları Türkiyə ilə yanaşı, Avstraliya, Malaziya, Bəhreyn, San-Marino, İspaniya, Monako, Avropa, Kanada, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Macarıstan, İtaliya, Belçika, Braziliya, Yaponiya və Çində də təşkil olunmuşdu.

2006-cı ildə Türkiyə Qran-Prisi Formula 1-in sayca 14-cü mərhələsi olub. 58 dövrəlik yarışın finalında Felipe Massa birinci olub. Bu braziliyalı pilotun Formula 1 karyerasında ilk qələbəsi idi. İspaniyalı sürücü Fernando Alonso ikinci, Mixael Şumaxer isə üçüncü olub.

2007-ci ilin avqustunda keçirilən və Formula 1-in sayca 12-ci olan Türkiyə mərhələsində də Felipe Massa qalib gəlib. Kimi Raykkonen ikinci, Fernando Alonso isə üçüncü olublar.

Maraqlıdır ki, Felipe Massa 2008-ci il mayın 11-də baş tutan Türkiyə Qran-Prisində də qalib olub. İstanbulu braziliyalı pilot üçün ən şanslı şəhər də adlandırmaq olar. Belə ki, o, ümumilikdə qazandığı yeddi qələbəsinin demək olar ki, yarısına burada nail olub. Həmin il Luis Hamilton ikinci, Kimi Raykkonen üçüncü yeri tutublar.

Türkiyənin "İstanbul park" trekində 2009-cu il mövsümünün 7-ci mərhələsi keçirilib. Bu dəfə qalib Censon Batton olub. Mark Vebber ikinci, onun komanda yoldaşı Sebastyan Fettel üçüncü yerdə qərarlaşıblar.

2010-cu ilin mayında Luis Hamilton mövsümün ilk, karyerasının 12 ci qələbəsini Türkiyə Qran-Prisində qazanıb. Komanda yoldaşı Censon Batton ikinci, "Red Bull-Renault"un avstraliyalı sürücüsü Mark Vebber üçüncü olublar.

19 mərhələdən ibarət olan 2011-ci il mövsümündə pilotların 4-cü görüşü İstanbul trasına təsadüf edib. 58 dövrəli yarışın qalibi "Red Bull"un sürücüsü Sebastyan Fettel olub. Almaniyalı pilot mövsümün üçüncü, karyerasının isə 13-cü qələbəsini qazanıb. İlk üçlüyü isə, müvafiq olaraq, onun komanda yoldaşı Mark Vebber və "Ferrari"nin ispan pilotu Fernando Alonso qapayıblar.

Nəhayət, 9 illik fasilədən sonra, Formula 1 həyəcanı yenidən Türkiyədə yaşanacaq. Belə ki, 2020-ci ilin avqust ayında Formula 1 rəhbərliyi mövsümün sonuncu təqvimini açıqlayıb və Türkiyə Qran-Prisi yenidən Formula 1 təqviminə salınıb.
Noyabrın 13-dən 15-dək mövsümün sayca 14-cü olan yarışı - Türkiyə Qran-Prisi keçirilib. Mübarizənin yekununda Luis Hamilton qalib gəlib. Bununla da, Britaniyalı pilot karyerasında 7-ci dəfə dünya çempionu olub. Nəticədə o, Mixael Şumaxerin rekorduna şərik çıxıb. İkinci yer "Racing Point"dən Serxio Peresə, üçüncü pillə isə "Ferrari"dən Sebastian Fettelə qismət olub.

Pilotların mübarizəsində Luis Hamilton 307 xalla liderdir. Onun "Mercedes"dəki komanda yoldaşı Valtteri Bottas 197 xalla ikinci, "Red Bull" pilotu Maks Ferstappen 170 xalla üçüncüdür.

Konstruktorların yarışında "Mercedes" 504 xalla birinci, "Red Bull Racing Honda" 240 xalla ikinci, "Racing Point" 154 xalla 3-cü yerdə gedir.

Qeyd edək ki, Türkiyənin 2021-ci ilə Formula 1 təqviminə də daxil edilməsi üçün danışıqlar aparılır. Bu barədə qardaş ölkənin təşkilatçı rəhbəri Vural Ak məlumat verib: "Ölkəmizin bu günə qədər Formula 1 yarışı ilə bağladığı müqavilə birillikdir. Yarışı davam etdirməyə çalışırıq. Onun 2021-ci təqvimində reallaşması üçün ciddi danışıqlar aparılır. Yəqin ki, danışıqlara qısa müddətdə yekun vurulacaq. Məqsədimiz bu yarışı mütəmadi təşkil etməkdir".

Əldə etdiyimiz məlumata görə, gələn il F1 təqvimində Vyetnamın olmayacağı dəqiqləşib. Mütəxəssislər İmola, İstanbul və Portimaonun namizədlik şansının olduğunu iddia edirlər.

Səkinə Novruzqızı

Xəbər 321 dəfə oxundu.