Formula 1 2020-ci il üçün son təqvimi təqdim edib
Uzun fasilədən sonra Formula 1 rəhbərliyi rəsmi olaraq cari mövsümün sonuncu dörd mərhələsinin vaxtını və yerini elan edib. Təqvim FİA tərəfindən təsdiqlənib.
Türkiyə Qran-Prisi noyabrın 13-15-də "İstanbul Park"da keçiriləcək. Formula 1, builki təqvimə daha üç yarış əlavə edildiyini rəsmi açıqlayıb və beləliklə, mövsümün 17 yarışdan ibarət olacağı aydınlaşıb. Bəhreyn Qran-Prisi noyabrın 27-29-na, Sahir Qran-Prisi isə dekabrın 4-6-na təsadüf edəcək. Mövsümə dekabrın 11-13-də Əbu-Dabi yarışı ilə yekun vurulacaq.

Formula 1, Çin Qran Prisinin rəsmi olaraq ləğv edildiyini təsdiqləyib. "Baş tutacaq yarışlara məhdud sayda azarkeş buraxılacaq, bunun üzərində çalışmalarımız davam edir. COVİD-19 pandemiyasının davam etdiyi şəraitdə hər bir ölkənin tətbiq etdiyi məhdudiyyətləri və tədbirləri yaxından izləmək üçün, həmin ölkələrinin hökümətləri ilə dialoqumuzu davam etdiririk. Gələn il Şanxaya qayıtmağı səbirsizliklə gözləyirik" - bunları söyləyən Formula 1-in icraçı direktoru Ceyz Keri açıqlamasında, yarışa qayıtmağı təmin edən əsas tərəfdaşlara, FİA-ya, komandalara, promouterlərə, işçilərə və azarkeşlərə minnətdarlığını bildirib və daha sonra deyib: "Türkiyə, Bəhreyn və Əbu-Dabinin 2020-ci il mövsümünün bir hissəsi olacağını qürurla elan edirik. Bu il Formula 1 çox çətinliklərlə üzləşdi. Planlaşdırılan yarışların bir qisminə qayıda bilmədiyimiz üçün hamımız məyus olsaq da, mövsümün yaxşı başladığına və növbəti yarışlarda azarkeşlərə bol həyəcan və əyləncə bəxş edəcəyimizə əminik".
Xatırladaq ki, təqvimin ilk hissəsi hələ iyun ayının əvvəlində təsdiq olunmuşdu və 8 yarışdan ibarət idi. Bir müddət sonra bu təqvimə daha iki yarış əlavə olunmuşdu. Bir ay əvvəl isə builki mövsümdə yarışların sayı 13-ə çatdırılmışdı. Amma, koronavirus pandemiyası səbəbindən Formula 1-in 2020-ci il təqvimində dəyişiklik oldu və mart-iyun aylarında planlaşdırılan yarışlar ləğv olundu. Formula 1 rəhbərliyi yeni təqvimləri hissə-hissə göstərməli oldu.

Nəticədə təxirə salınan yarışlar yeni yarışlarla əvəz olundu. Türkiyə Formula 1 təqviminə salındı.

İyul-avqust aylarında Avstriya və Böyük Britaniyanın hərəsində 2, eləcə də Macarıstan, İspaniya və Belçikada Qran-Pri yarışları uğurla keçirilib. Daha bir yarış bu günlərdə İtaliyada baş tutub. Qarşıda isə Formula 1 həvəskarlarını daha 9 yarış gözləyir.

Səkinə Novruzqızı

Xəbər 299 dəfə oxundu.