Azərbaycan idmançıları Kazandan 60 medalla qayıtdılar
Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən I MDB oyunlarına sentyabrın 11-də yekun vurulub. Bir həftə davam edən yarışlarda 9 ölkədən 1640 idmançı (14 yaşdan 23 yaşa qədər) 16 növdə 182 medal dəsti uğrunda mübarizə aparıb.

Badminton, basketbol (3X3), boks, cüdo, futzal, stolüstü tennis, stend və güllə atıcılığı, karate, kəmər güləşi, köreş, qadın güləşi, sambo, sərbəst güləş, yunan-Roma güləşi və tayboks yarışlarında ümumilikdə, 118 idmançı ilə təmsil olunan Azərbaycan komandası Oyunları uğurla başa vurub.

İlk yarış günlərində idmançılarımızın çıxışları barədə ötən sayımızda ətraflı məlumat vermişdik.

Sentyabrın 7-də idmançılarımız sambo, stend atıcılığı (dairəvi stend), stolüstü tennis, güllə atıcılığı, futzal və tayboks növlərində mübarizə aparıblar.

Samboçularımızdan Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Toğrul Salmanov (+98 kq) bütün rəqiblərinə qalib gələrək himnimizin eyni zalda və bir gündə üç dəfə səsləndirilməsinə nail olublar. Komanda yoldaşları Rəsul Aydəmirov (98 kq) gümüş, Adil Adilzadə (88 kq) isə bürünc medal qazanıblar.

Kazanda Azərbaycan himninin sədaları Stend atıcılığı mərkəzində də eşidilib. Stend atıcılığının dairəvi stend növündə Cavid Həsənov bütün rəqiblərini qabaqlayıb.

Tayboks yarışlarında isə iki idmançımız fəxri kürsüyə qalxıb. 60 kq çəki dərəcəsində Əli Əliyev və 63,5 kq çəkidə Məhər Əsədzadə bürünc medala layiq görülüblər.

Sentyabrın 8-də tayboks və güllə atıcılığı növlərində mübarizəni davam etdirən idmançılarımıza stolüstü tennis və badmintonçularımız da qoşulublar.

İlk olaraq mübarizəyə qoşulan oğlanlar və qızlardan ibarət stolüstü tennis üzrə yığma komandalarımız günü bürünc medalla başa vurublar.

Badmintonçularımız ilk iki turda ardıcıl olaraq, Belarus və Özbəkistan idmançılarını eyni hesabla (4:1) məğlub ediblər. Üçüncü turda Ermənistan yığmasına imkan verməyən gənclərimiz 5:0 hesablı təmiz qələbə qazanıblar. Badmintonçularımız qrup mərhələsinin dördüncü turunda Rusiya yığmasına (0:5) məğlub olublar.
Beşinci turda isə Qazaxıstan yığmasına 4:1 hesabı ilə qalib gəlməklə turnir cədvəlini ikinci sırada başa vuran millimiz komanda yarışlarında gümüş medala layiq görülüb.

Tayboksçuların mübarizəsində Rəvan Ağazadə (67 kq) qızıl medal uğrunda qarşılaşmada Belarus təmsilçisi Yevgeni Fyodorençiklə qüvvəsini sınayıb. Rəqibinə məğlub olan Rəvan ikinci yeri tutub.

Qadın tayboksçularımızdan 51 kq çəki dərəcəsində çıxış edən Leyana Sayer finalda belaruslu Albina Posoxla qarşılaşıb. Həlledici mərhələdə rəqibinə məğlub olan idmançımız da gümüş medalla kifayətlənib.

Sentyabrın 9-u mübarizəyə qoşulan cüdoçularımız günü uğurla başa vurublar. Belə ki, Səbinə Əliyeva (52 kq) və Rövşən Əliyev (60 kq) bütün rəqiblərini məğlub edərək oyunların qalibi adını qazanıblar. Əhməd Yusifov (60 kq) gümüş, Camal Feyziyev (+100 kq), Şəfəq Həmidova (48 kq), Elçin Hüseynov (66 kq) və Murad Fətiyev (81 kq) bürünc medallara sahib olublar. Maraqlıdır ki, 60 kq çəki dərəcəsində Azərbaycan finalı keçirilib. Rövşən qızıl medalı qazanmaq üçün finalda öz komanda yoldaşı Əhmədi məğlub etməli olub. Xatırladaq ki, bu iki komanda yoldaşının beynəlxalq yarışlarda ikinci finalı idi. Bundan öncəki, Almaniya duelindən Əhməd qalib çıxmışdı.

Beləliklə, cüdoçularımız fərdi yarışları yeddi medalla başa vurublar.

Ertəsi gün cüdo üzrə komanda yarışlarında çıxış edən millimiz dörddəbir finalda Qırğızıstana 5:1, növbəti mərhələdə Qazaxıstana 5:3 hesabı ilə qalib gələrək həlledici mərhələyə adlayıb. Qızıl medal uğrunda görüşdə yığmamız Özbəkistan seçməsinə 3:5 hesabı ilə udazaraq gümüş medalla kifayətlənib.

Karateçilərimiz də həmin gün mübarizəyə fəal başlayıblar və 9 idmançımız bir gün sonra keçirilən medal yarışlarına vəsiqə qazanıb.

Oyunların sonuncu günündə karateçilərimiz və badmintonçularımız medallar uğrunda mübarizə aparıblar.

Karatenin kumite yarışlarında 50 kq çəki dərəcəsində yarışan İnci Əzizova qızıl medal qazanıb. Kumitedə finaladək irəliləyən Əminağa Quliyev (60 kq) və Osman Osmanlı (+84 kq) gümüş medala yiyələniblər.

Kumite yarışlarında digər idmançılarımız Mədinə Sadıqova (55 kq), Sultan Hüseynov (60 kq), Nuran Rzazadə (67 kq) və Abbas Dadaşov (84 kq) bürünc medal qazanıblar.
Kata yarışlarında Həsənəli Həsənov gümüş, Ceyhun İsmayılov bürünc medala layiq görülüblər. Yekunda karateçilərimiz 1 qızıl, 3 gümüş və 5 bürünc olmaqla, 9 medal qazanıblar.

Kazanda son medallarımızı yeniyetmə və gənc badmintonçularımız qazanıblar.
Oğlan badmintonçuların şəxsi yarışında Diki Pangestu finalda Qazaxıstan idmançısı Dmitriy Panarini 2:0 hesabı ilə məğlub edərək MDB oyunlarının qalibi olub.

Qızların şəxsi yarışında badmintonçumuz Era Maftuha finalda Rusiya təmsilçisi Mariya Qolubevaya 0:2 hesabı ilə uduzaraq turnirin gümüş medalına layiq görülüb.

Oğlanların qoşa yarışında Diki Pangestu-Məhəmməd Xədafi cütü finalda Rusiya badmintonçuları Georgiy Lebedev-Lev Barinov tandemi ilə qarşılaşıb. 3 set davam edən qarşılaşma badmintonçularımızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Badmintonçularımız müvafiq kateqoriyada gümüş medala yiyələnib.

Qarışıq-qoşa yarışında yarımfinalda Pavel Moniç-Regina Qaliaxmetova (Rusiya) cütünə 0:2 hesabı ilə uduzan Aqil Qəbilov-Era Maftuha tandemi müvafiq kateqoriyada bürünc medal qazanıb.

Xatırladaq ki, daha öncə yeniyetmə və gənc badmintonçularımızdan ibarət millimiz komanda yarışında gümüş medal qazanıb.

Bununla da, badmintonçularımızın 1-ci MDB oyunlarında ümumi qazancı 1 qızıl, 3 gümüş və 1 bürünc medal olub.

Beləliklə. Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarını 15-i qızıl, 16-sı gümüş, 29-u bürünc olmsqla, 60 medalla başa vurublar.

Sentyabrın 11-də Kazanda oyunların bağlanış mərasimi keçirilib. Mərasimdə iştirak edən idmançılarımız və nümayəndə heyətimizin digər üzvləri dünən Vətənə qayıdıblar.

Səkinə NOVRUZQIZI

Xəbər 3105 dəfə oxundu.