Azərbaycan idmançıları I MDB Oyunlarında uğurla çıxış edirlər
Sentyabrın 4-də Tatarıstanın paytaxtı Kazan şəhərində I MDB Oyunları start götürüb. Bir həftə davam edəcək Oyunlarda 9 ölkədən 1640 idmançı (14 yaşdan 23 yaşa qədər) mübarizə aparır. Yarışlar ümumilikdə, 182 medal dəsti uğrunda 16 idman növündə keçirilir.

Azərbaycan bu oyunlarda badminton (8 nəfər), basketbol 3X3 (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks) (6) yarışlarında ümimilikdə, 118 idmançı ilə təmsil olunur.

Mübarizəyə əvvəlcə boksçular qoşulublar. İlk yarış günündə dəri əlcək ustalarımızdan ikisi yarımfinala vəsiqə qazanıb. Təmsilçilərimiz İbrahim Zeynalov (50 kq) Muinxon Mavlonova (Tacikistan), Tağı Nəsibov (48 kq) isə Vadim Veçerskiyə (Belarus) dörddəbir finalda qalib gəliblər.

İkinci yarış günündə yunan-Roma güləşçilərimiz və qadın boksçularımız mübarizəyə qoşulublar.

Ölkəmizi güləşin bu növündə gənclərdən ibarət millimizin 8 üzvü təmsil edib. Onlardan 7-si qrup mərhələsini uğurla adlayıb. Yekunda 8 güləşçimizdən 6-sı fəxri kürsüyə qalxıb.

Güləşçilərimiz Nihad Quluzadə (55 kq), Həsrət Cəfərov (67 kq) və Sərxan Məmmədov (130 kq) bütün rəqiblərinə qalib gələrək Oyunların qalibi adını qazanıblar. Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) və Laçın Vəliyev (87 kq) isə üçüncü yeri tutublar.

Xanım boksçularımız isə mübarizəyə yarımfinaldan qoşulublar. Yarışın üçüncü günündə Aysu İsmayılova (48 kq), İsgəndər Qızbəs (57 kq) və Emili Rzayevanın (63 kq) bürünc medal qazanması rəsmiləşib. Bundan əlavə, kişi boksçular Tağı Nəsibov (48 kq) və İbrahim Zeynalov (50 kq) da bürünc medala sahib çıxıblar.

Sərbəst güləşçilərin mübarizəsində Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) qızıl, İslam İlyasov (97 kq), Aydın Əhmədov (125 kq) gümüş, Əliabbas Rzazadə (57 kq), Sabir Cəfərov (65 kq) bürünc medal qazanıblar.

Qadın güləşçilərin mübarizəsində isə Tatyana Voronsova (53 kq), Birgül Sultanova (65 kq) bürünc, Şahanə Nəzərova (50 kq) gümüş medallara sahib olublar.

Yarışın üçüncü günündə Azərbaycan təmsilçiləri 3 növdə mübarizə aparıblar. Sentyabrın 5-də keçirilən kəmər güləşi yarışlarında idmançımız Sənubər Nəbiyeva 66 kq çəki dərəcəsində 3-cü yeri tutaraq bürünc medala layiq görülüb.

Sentyabrın 5-də I MDB Oyunlarında tayboksçularımız da mübarizəyə qoşulublar. 63.5 kq çəki dərəcəsində təmsilçimiz Məhər Əsədzadə ilk görüşdə Ermənistan idmançısı Alen İsraelyan üzərində parlaq qələbə qazanıb. İlk dəqiqələrdən erməni idmançıya güclü zərbələr endirən Məhəd Əsədzadəyə qələbə üçün cəmi 2 dəqiqə 36 saniyə lazım olub. Rəqibi nokauta salan azərbaycanlı idmançı vaxtından əvvəl təmiz qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Ertəsi gün keçirilən görüşlərdə tayboksçularımızdan Mari Sayer Leyanna (51 kq), Əli Əliyev (60 kq) və Revan Agazade (67 kq) təsnifat yarışlarına qələbə ilə başlayıblar. Tayboks yarışlarında mübarizə bu gün də davam edəcək və sabah qaliblər məlum olacaq.

Dünən stend atıcılığı yarışlarına da start verilib. Dairəvi stend üzrə ilk gün təsnifat mərhələsini Cavid Həsənov 1-ci yerdə tamamlayıb. Təsnifat mərhələsinin davamı bu gün keçiriləcək.

Koreş yarışlarının mütləq çəki dərəcəsində Camal Feyziyev də mübarizəyə qələbə ilə başlayıb. Bütün rəqibıərini məğlub edən idmançımız finalda özbək İlesbek Obijonovu məğlub edərək qızıl medala layiq görülüb.

Bu növdə daha iki idmançımız günü medalla başa vurub. Belə ki, 60 kq çəki dərəcəsində Elvar Nəhmətzadə bürünc, 85 kq çəkidə isə Əlisəftar Məmmədli gümüş medal qazanıblar.

Basketbol yarışlarında isə yığma komandamız öz qrupunda Qırğızıstana 16:10 hesabı ilə qalib gəlib. Belarusa isə (12:20) məğlub olub.Yarımfinalda ev sahiblərinə 17:21 hesabı ilə uduzan idmançılarımız bürünc medal uğrunda özbək basketbolçuları ilə qarşılaşıblar. Gərgin keçən qarşılaşmada 14:13 hesabı ilə qalib gələn komandamız bürünc medal qazanıb. Qeyd edək ki, 3x3 basketbol komandamızın şərəfini Əkbər Məmmədov, Endər Poladxanlı, Cəbrayıl Əkbərov və Mert İlhan qoruyurdular.

Bununla da, Azərbaycanın bu günədək qazandığı medalların sayı 26-ya yüksəlib. Bunlardan 7 qızıl, 5 gümüş və 14 bürüncdür.

Qarşıdakı günlərdə idmançılarımız cüdo, sambo, stolüstü tennis, karate və futzal yarışlarında mübarizəyə qoşulacaqlar.

Səkinə NOVRUZQIZI

Xəbər 450 dəfə oxundu.