MDB Oyunları: Azərbaycan badmintonçuları yarımfinala yüksəlib
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında badminton üzrə 5 kateqoriyada yarımfinalçılar müəyyənləşib.

Oğlanların şəxsi yarışında Azərbaycan təmsilçisi Diki Pangestu 1/4 finalda Özbəkistan badmintonçusu Biloliddin Koçkarboevə 2:0 hesabı ilə qalib gəlib. Pangestu yarımfinalda Rusiya təmsilçisi Georgiy Lebedevlə qarşılaşacaq.

Məhəmməd Xədafi ən güclü 4-lüyə vəsiqə uğrunda Qazaxıstan idmançısı Dmitriy Panarinə 0:2 hesabı ilə uduzub. Aqil Qəbilov isə 1/4 finalda Rusiya badmintonçusu Amir Hamidulinə eyni hesabla məğlub olub.

Şəxsi kateqoriyada qızların yarışında 1/4 finalda mübarizə aparan Azərbaycanın digər təmsilçisi Era Maftuha da yarımfinala yüksəlib. Maftuha özbək Sevinc Sodikova üzərində 2:0 hesablı qələbə qazanıb. O, finala yüksəlmək üçün belaruslu Marina Yanbayevanı mübarizədən kənarlaşdırmalıdır.

Oğlanların qoşa yarışında qrup mərhələsini adlayan Diki Pangestu-Məhəmməd Xədafi cütü yarımfinalda Amir Hamidulin-Pavel Moniç cütü ilə qarşılaşacaq.

Qarışıq-qoşada pley-offa yüksələn Aqil Qəbilov – Era Maftuha tandemi isə yarımfinalda Pavel Moniç – Regina Qaliaxmetova (Rusiya) ilə üz-üzə gələcək. Qızların qoşa yarışında Nigar Əliyeva – Həcər Nuriyeva cütü isə mübarizəni qrup mərhələsində dayandırıb.

Xəbər 825 dəfə oxundu.