Aydın Əli oğlu İbrahimov
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Sərbəst güləş üzrə Avropa və dünya çempionu, olimpiya mükafatçısı Aydın Əli oğlu İbrahimov 2 sentyabr 2021-ci il tarixdə, ömrünün 83-cü ilində vəfat edib.

Aydın İbrahimov 1938-ci il sentyabrın 17-də Gəncə şəhərində anadan olub. İdmanda ilk addımlarını doğma şəhərində atan A.İbrahimov respublika və ümumittifaq miqyaslı bir sıra yarışların qalib və mükafatçısı olub.

İdmanın sərbəst güləş növündə, 1957 və 1960-cı illərdə SSRİ çempionatının bürünc,​ 1963-cü ildə isə gümüş mükafatçısı olub.​ 1964-cü ildə SSRİ çempionu adını qazanıb.

Aydın İbrahimov güləş üzrə dünya (1963-cü ildə Bolqarıstanda) və Avropa çempionu (1966-cı Almaniyada) adını qazanıb.

1964-cü ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarında Aydın İbrahimov 57 kq çəki dərəcəsində bürünc medal qazanıb.

1961-ci ildə Azərbaycan Dövlət Bədən ​ Tərbiyəsi İnstitutunu bitirib. Sərbəst güləş üzrə Əməkdar idman ustası (1963), beynəlxalq dərəcəli hakim (1972), SSRİ-nin Əməkdar məşqçisi (1980), Beynəlxalq dərəcəli idman ustası (1959), Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi (1989) adlarına layiq görülüb.

Müxtəlif illərdə Azərbaycan yığma komandasının baş məşqçisi (1973-1975), Yuqoslaviya yığma komandasının baş məşqçisi (1971-1972), SSRİ “Dinamo” Mərkəzi Şurasının baş məşqçisi (1978-1982) vəzifələrində çalışıb.

Təcrübəli idman mütəxəssisi Aydın İbrahimov 1988-1997-ci illərdə “Neftçi” futbol klubunun ilk prezidenti olub.

Məşqçilik fəaliyyəti dövründə 5 Olimpiya çempionu,​ 20​ dünya çempionu,15 Avropa çempionu yetişdirib. SSRİ-nin «Dinamo» cəmiyyətinin fəxri üzvü, güləşin inkişafındakı xidmətlərinə görə Beynəlxalq Güləş Federasiyasının iki qat qızıl medalına layiq görülüb (1977, 2007).​

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Aydın İbrahimov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Dünya və Avropa çempionu, Olimpiya mükafatçısı, Prezident təqaüdçüsü Aydın İbrahimovun əziz xatirəsi idman ictimaiyyətinin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Xəbər 504 dəfə oxundu.