Para-atletimiz Lamiyə Vəliyeva “Tokio-2020”nin finalına yüksəlib
“Tokio-2020” Yay Paralimpiya Oyunları davam edir.

Paralimpiadanın doqquzuncu günündə - sentyabrın 2-də para-atletimiz Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçış yarışının təsnifat mərhələsində gücünü sınayıb. Məsafəni 55,71 saniyəyə qət edən idmançımız təsnifatda ikinci olub və həlledici mərhələyə vəsiqə qazanıb.

Yarışın final mərhələsi sentyabrın 3-də keçiriləcək.

Hazırda Azərbaycan komandasının hesabında 16 medal var. Onlardan 11-i qızıl, 1-i gümüş və 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.

Yüz metr məsafəyə arxası üstə və sərbəst üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Xəbər 461 dəfə oxundu.