“Tokio-2020”: Paralimpiyaçılarımızın daha bir qrupu Vətənə qayıdıb
“Tokio-2020” Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən idmançılarımızın daha bir qrupu sentyabrın 1-də Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Azərbaycan Milli Paralimpiya Komitəsinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və paralimpiyaçıların yaxınları iştirak ediblər.

Qızıl medal qazanan paracüdoçular Xanım Hüseynova (63 kq), Dürsədəf Kərimova (+70 kq), Hüseyn Rəhimli (81 kq), Sevda Vəliyeva (52 kq), bürünc medalçı İlham Zəkiyev (+100 kq), çempion olan para-atletlər Həmid Heydəri, Elvin Astanov, bürünc medalçı Səid Nəcəfzadə və yarışı medalsız başa vuran Kamil Əliyevlə, Nurlan Babacanov Vətənə qayıdıblar.

Azərbaycan komandasının hesabında 15 medal var. Onlardan 10-u qızıl, 1-i gümüş və 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.

Yüz metr məsafəyə arxası üstə və sərbəst üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışlarını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 34 idmançı təmsil edir. Atletlərimizin 23-ü kişi və 11-i qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Xəbər 444 dəfə oxundu.