Üç para-atletimiz Tokio Yay Paralimpiya Oyunlarına uğurlu start verib
"Tokio-2020" Yay Paralimpiya Oyunları davam edir.

Paralimpiadanın yeddinci günündə - avqustun 31-də üç para-atletimiz mübarizəyə qoşulub. Hər üç təmsilçimiz - Yelena Çebanu, Yulia Yanovskaya və Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində gücünü sınayıb. Hər üç para-atlet finala vəsiqə qazanıb.

Finalda idmançılarımız ilə yanaşı, Cohanna Pretorius (Cənubi Afrika Respublikası), Kim Krosbi (ABŞ), Adiaratu İglesias Forneiro (İspaniya), Rayan Sares da Silva (Braziliya) və Leyla Acametova (Ukrayna) birincilik uğrunda yarışacaqlar.

Yarışın final mərhələsi bü gün Bakı vaxtı ilə saat 14:57-də start götürəcək.

Azərbaycan komandasının hesabında 13 medal var. Onlardan 9-u qızıl, 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.

Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Hazırda Azərbaycan medal qazanan 78 ölkə arasında 10-cu pillədə yer alıb.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 35 idmançı təmsil edəcək. Atletlərimizin 23-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Xəbər 451 dəfə oxundu.