Tokio Paralimpiadası: Para-atletimiz Oloxan Musayev yeddinci olub
Azərbaycan para-atleti və komandamızın bayraqdarı Oloxan Musayev Tokio Paralimpiadasının disk atma yarışlarında çıxış edib.

Təmsilçimiz 37,92 metr nəticə ilə yeddinci olub.

Yarışın qalibi braziliyalı Klaudiney Batista dos Santos olub - 45,59 metr. Para-atlet, həmçinin Paralimpiya rekordu da müəyyənləşdirib.

Təmsilçimiz bir neçə gün əvvəl nüvə itələmə yarışlarında beşinci olmuşdu.

Azərbaycanın komandasının hesabında 13 medal var. Onlardan 9-u qızıl, 4-ü isə bürünc medaldır. Belə ki, paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (70 kq-dan yuxarı) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Para-atlet Elvin Astanov nüvə itələmə yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Xəbər 639 dəfə oxundu.