Azərbaycan çempionatında ilk gün: fərdi ötüşmənin qalibləri müəyyənləşib
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının 2021-ci il üçün təsdiq etdiyi vahid idman təqvim planına əsasən, İsmayıllıda şose velosipedi üzrə ölkə çempionatı start götürüb.

İlk yarış günündə fərdi ötüşmə üzrə ölkə çempionları müəyyənləşib.

On beş yaşadək velosipedçilərin 10 kilometr məsafəyə mübarizəsi Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Məryəm Əfqanzadə və Ravi Rzayevin qələbəsi ilə yekunlaşıb. U-17 yaş kateqoriyasında da bu məktəbin təmsilçiləri fərqləniblər - Radha Şabanova və Hüseyn Nərimanov 10 kilometr məsafəni digər rəqiblərindən daha tez qət ediblər.

Gənc qızların 15 kilometr məsafəyə fərdi ötüşməsində Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Viktoriya Sidorenko çempionluq sevinci yaşayıb. Onun komanda yoldaşı Nikita Sıtov gənc oğlanların 20 kilometr məsafəyə mübarizəsində birinci yeri tutub.

İsveçrədəki Dünya Velosiped Mərkəzinin (WCC) komandasının tərkibində çıxış edən Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Ayan Xankişiyeva 23 yaşadək qızlar arasında 20 kilometr məsafəyə fərdi ötüşmədə Azərbaycan çempionu olub. Kişilərin U-23 və elit yaş kateqoriyasında isə “Sərhədçi” İdman Olimpiya Mərkəzinin velosipedçisi Musa Mikayılzadə 20 kilometrlik marşrutu hamıdan tez qət edib.

Növbəti yarış günlərində qrup ötüşməsi üzrə ölkə çempionları müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) göndəriləcək və toplanan xallar həm idmançıların, həm də ölkəmizin reytinq cədvəlində öz əksini tapacaq.

Xəbər 385 dəfə oxundu.