Karateçilərimiz Avropa çempionatında iştirak edəcəklər
Yeniyetmə və gənc karateçilərimiz avqustun 20-22-də Finlandiyanın Tampere şəhərində Avropa çempionatında iştirak edəcəklər.

Qitə çempionatında federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi milli komandanın heyətində 14-15 yaşlı yeniyetmələr arasında 10, 16-17 yaşlı gənclərdə 8, 18-21 yaşadək gənclər arasında isə 10 karateçi yer alıb.

Turnirə kumite üzrə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilərdən Seymur Xudaverdiyev, Nağı Mehdiyev, Şahin Atamov, Niyazi Əliyev və Anar Əhmədov (kata) yollanır.

Beynəlxalq hakimlər Cahangir Babayev, Şahin Xudaverdiyev, Vüqar Kərimov və Mais Mədətov yarışın hakimləri arasında olacaq. Hakimlərdən dərəcəsini artırmaq üçün M.Mədətov, beynəlxalq kateqoriya almaq üçün isə Vüsal İsrafilov və Seymur Məmmədov Avropa Karate Federasiyasının (EKF) Hakimlər komitəsinə imtahan verəcəklər.

Yeniyetmə və gənclərin 48-ci, 21 yaşadək gənclərin isə 13-cü Avropa çempionatında 45 ölkədən 1008 idmançı mübarizə aparacaq.

Xəbər 348 dəfə oxundu.