Şamil Məmməd oğlu Şahməmmədov
Azərbaycan idman mətbuatına ağır itki üz verib. Veteran idman jurnalisti, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Şamil Şahməmmədov iyulun 26-da ömrünün 87-ci ilində vəfat edib.

Şamil Məmməd oğlu Şahməmmədov 1934-cü ildə Gəncə şəhərində anadan olub. Fəal jurnalist yaradıcılığı ilə XX əsrin 50-ci illərindən Bakı Dövlət Universitetinin Jurnalistika şöbəsinin tələbəsi olduğu illərdən məşğul olmağa başlayıb. O, əvvəl radio ilə əməkdaşlıq edib, 1957-ci ildən isə dördüncü kurs tələbəsi olmasına baxmayaraq, yeni yaradılan paytaxt qəzeti "Bakı"ya işə götürülüb. Burada Ş.Şahməmmədov 30 ildən artıq müddətdə milli jurnalistikamızın görkəmli simalarından olan Nəsir İmanquliyevin rəhbərliyi altında zəngin təcrübə məktəbi keçib. O, əvvəl müxbir, şöbə müdiri, sonra məsul katib işləyib və nəhayət, baş redaktor vəzifəsinədək yüksəlib.

Milli mətbuatımızın inkişafında böyük xidmətləri olan Ş.Şahməmmədovun əməyi dəfələrlə yüksək təltiflərlə qiymətləndirilib. 2002-ci ildə "Şöhrət" ordeni ilə təltif olunan Şamil Şahməmmədov bu yüksək dövlət mükafatını Azərbaycanda alan ilk jurnalist olub. Prezident təqaüdçüsü idi.

Ş.Şahməmmədov uzun illər idman jurnalisti olaraq bu sahənin təbliğində xüsusi xidmətlər göstərib.

"Kommunist" ("Xalq qəzeti") qəzetində Baş redaktor müavini və Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) Baş direktor vəzifəsində çalışıb.

Şamil müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Xəbər 496 dəfə oxundu.